Doğru yoldasan

Giriş

Bu Məxfilik Siyasəti (“Siyasət”) Sizə məxsus və/və ya tərəfinizdən təqdim edilmiş fərdi və digər məlumatların (“məlumatlar”) “Kapital Bank” ASC (“Bank”) tərəfindən toplanması, qorunması, emalı, istifadə edilməsi, açıqlanması (elan edilməsi, ötürülməsi), idarə edilməsi və bunlara dair razılıqları əks etdirən bir bəyanat və ya sənəddir. Məlumatlar Sizin şəxsiyyətinizi müəyyən etmək üçün istifadə edilə bilən hər hansı bir məzmunda veb səhifə tərəfindən texniki olaraq dəstəklənə bilən istənilən formada təqdim oluna və ya yüklənə bilər (ad, ünvan, doğum tarixi, ailə vəziyyəti, əlaqə məlumatları, şəxsiyyəti təsdiq edən sənədlər və son istifadə tarixi, maliyyə qeydləri, kredit məlumatları, tibbi və ya digər arayış, CV, SMS, elektron poçt, kuki və s.). Bank olaraq bu Siyasətdə Sizə aid hansı məlumatların tərəfimizdən hansı qaydada toplandığına, məxfi saxlanıldığına, paylaşıldığına, habelə istifadəsinə və ötürülməsinə dair Sizə bir sıra seçimlər təklif edirik.

Bizə verdiyiniz məlumatlar

Siz veb səhifədə məlumatlarınızı şəxsi kabinet (hesab) yaratmaq, boş vakansiyalar üçün müraciət etmək və ya veb səhifədəki digər məlumatlarla tanış olmaq üçün təqdim edirsiniz, daxil edirsiniz və ya yükləyirsiniz.

Qeydiyyat

Şəxsi kabinet yaratmaq üçün adınızı, e-poçt ünvanınızı və/və ya mobil nömrənizi, şifrənizi, habelə veb səhifədə qeydiyyat və fərdi məlumatlara dair tələb edilən digər məlumatları təqdim etməlisiniz. Qeydiyyat zamanı bir sıra hallarda (məsələn, hər hansı xidmətlərdən yararlanmaq üçün), Sizdən əlavə məlumatlar (məsələn, ödəniş kartı, sürücülük vəsiqəsi, sağlamlıq vəziyyəti məlumatları və s.) təqdim etməyiniz tələb edilə bilər.

Şəxsi kabinet

Şəxsi kabinetinizdə bir sıra məlumatlarınızı daxil edib-etməməyinizə dair seçimlər etmək imkanınız olacaqdır (məsələn, qeyd məlumatları). Bununla belə, ulduz (“*”) işarəsi qeyd edilməklə fərqləndiriləcək məlumatlarınızın (məsələn, əlaqə məlumatları, təhsil, iş təcrübəsi və s.) isə daxil edilməsi zəruridir. Daxil etdiyiniz daha çox məlumat Sizin barənizdə daha geniş və dəqiq təəssürat yaratmağımıza və yaranacaq iş və təcrübə imkanları zamanı Sizi daha obyektiv dəyərləndirməyimizə səbəb olacaqdır. Şəxsi kabinetinizdə müvafiq yer ayrılmadığı təqdirdə əlavə məlumat verməyinizə ehtiyac yoxdur. Bununla yanaşı, profil məlumatları həmçinin, Bank xidmətlərimizdən də yararlanmağa və məlumatlı olmağa kömək edə bilər (reklamlar və s. şəklində). Şəxsi kabinetinizdə bəzi həssas məlumatlarınızın açıq olub- olmaması üçün seçim etmək imkanınız var. Zəhmət olmasa, ulduz işarəsi ilə göstərilmiş məlumatlar istisna olmaqla, açıqlanmasını istəmədiyiniz şəxsi məlumatlarınızı Şəxsi kabinetinizə göndərməyin və ya yükləməyin.

Göndərmə və Yükləmə

Məlumatlarınızı təqdim etdiyiniz və ya yüklədiyiniz, e-poçt məktubu və ya mesaj göndərdiyiniz zaman, məsələn, bir forma doldurduğunuzda, anketə cavab verdiyinizdə, CV göndərdiyinizdə (doldurduğunuzda), gizli şifrə təsdiq etdikdə, applikasiya yüklədikdə Sizə aid məlumatları əldə edirik. Əlaqə vasitələri və ya digər məlumatlarınızı mütəmadi olaraq yeniləsəniz, Sizinlə əlaqə yaratmaq və yeniliklər barədə məlumat vermək üçün Sizə daha çox yardımçı ola bilərik. Şəxsi məlumatlarınızı tam və ya doğru olmayan şəkildə göndərmədikdə və ya mütəmadi olaraq yeniləmədikdə, Sizinlə əlaqə qurmağımız məhdudlaşa bilər.

Məlumatların təhlükəsizliyi

Məlumatlarınızın təhlükəsizliyinin mütəmadi qorunmasına çalışırıq, təhlükəsizlik pozuntularını izləyir və qarşısını almağa çalışırıq. Xahiş edirik, bu veb səhifə üzrə xidmətlərimiz vasitəsilə mövcud olan təhlükəsizlik şərtlərinə əməl edəsiniz. Eyni zamanda bildiririk ki, yarana biləcək hər hansı texniki nasazlıqlar və kiberhücumlarla bağlı məlumatlarınızın qorunacağına təminat vermirik və bunun üçün məsuliyyət daşımırıq. Hər hansı fiziki, texniki və ya idarəetmə təhlükəsizliyimizi pozaraq məlumatların əldə edilməsinə, açıqlanmasına, dəyişdirilməsinə və ya məhv edilməsinə zəmanət vermirik.

Məlumatların istifadə məqsədləri

Sizə aid məlumatlardan iş imkanları zamanı nəzərə almaq, bank xidmətləri barədə məlumatlandırmaq, Sizi dəstəkləmək, fərdiləşdirmək və inkişaf etdirmək üçün istifadə edirik.

Emal üçün qanuni əsaslar

Sizin haqqınızda məlumat toplamaq, istifadə etmək və paylaşmaq üçün Sizin təsdiqlərinizə və razılığınıza əsaslanırıq. Belə ki, məlumatlarınızı istifadə etməyimiz barədə razılığınızı vermək və ya verməmək imkanınız var. İstənilən vaxt parametrlərə keçərək verdiyiniz razılığı geri ala bilərsiniz. Sizin tərəfdən veb səhifədə məlumatların daxil edilməsi və ya müvafiq hərəkətlərin (təsdiqləmələrin) edilməsi Sizə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və Sizin şəxsi imzanızla eyni hüquqi qüvvəyə malikdir.

Əlaqə məlumatları

Bu Siyasətlə bağlı hər hansı sualınız olduqda, veb səhifədə göstərilən vasitələrlə bizimlə əlaqə yarada bilərsiniz.

1. Bu Müqavilə, “www.kapitalbank.az” saytında Sizə təqdim edilən platformada (“Şəxsi kabinet”) qeydiyyatdan keçərək yerləşdirdiyiniz fərdi məlumatların (“Fərdi məlumatlar”) “Kapital Bank” ASC (“Bank”) tərəfindən əldə etməsi, toplanması və istifadəsi şərtlərini müəyyən edir.

2. Siz təsdiq edirsiniz ki, “Şəxsi kabinet”də yerləşdirilməklə tərəfinizdən Banka bəyan edilən aşağıdakı Fərdi məlumatlar şəxsən Sizə məxsusdur və bu məlumatlar (habelə məlumatlara dəyişikliklər) “Şəxsi kabinet”ə şəxsən tərəfinizdən yerləşdirilmişdir.

3. Bu Müqaviləni imzalamaqla təsdiq edirsiniz ki, Bank Fərdi məlumatlardan və onların əldə edilməsi üçün avtomatik məlumat toplama alətlərindən (kukilərdən və s.) sərbəst istifadə edə bilər, habelə Fərdi məlumatlarınız əsasında özündə və ya törəmələrində mövcud olan cari və gələcəkdə yarana biləcək vakant yerlərə Sizi namizəd kimi dəyərləndirə və Fərdi məlumatlarınız Bankın tələblərinə uyğun olacağı təqdirdə təqdim etdiyiniz əlaqə vasitələrindən Sizə iş təklifləri edə bilər. Bununla belə, bu müqavilənin bağlanması heç bir halda Bankın Sizə iş təklif etmək, işə qəbul etmək və ya Sizinlə gələcəkdə hər hansı əmək münasibətlərini yaratmaqla bağlı öhdəliyini əvvəlcədən yaratmır.

4. Siz Fərdi məlumatlarınızın düzgünlüyünə, əsaslılığına və həqiqiliyinə, tamlığına təminat verirsiniz və bu təminatlara əməl edilməməsinə, Fərdi məlumatların təhlükəsizliyinin, məxfiliyinin təmin edilməməsinə, üçüncü şəxslərə verilməməsi (ötürülməməsi) ilə bağlı tədbirlər görülməməsinə, Banka zəruri məlumatların (xəstəliyə dair, vətəndaş qüsursuzluğuna dair və s.) verilməməsinə və ya düzgün verilməməsinə görə Banka və ya üçüncü şəxslərə dəyə biləcək zərərə (ziyana) görə, habelə zərər (ziyan) dəyməsindən aslı olmayaraq əsassız və həqiqətə uyğun olmayan məlumat verilməsinə görə şəxsən məsuliyyət daşıyacaqsınız. Bank öz növbəsində məlumat təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görəcəkdir, lakin Bankdan asılı olmadan həmin məlumatların üçüncü şəxlər tərəfindən əldə olunması, toplanması, yayılması və ya istifadə edilməsi zamanı Sizə və ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır.

5. Bu Müqaviləni imzalamaqla Siz Bankın 1-ci bənddə qeyd edilmiş internet saytında yerləşdirilmiş siyasət və qaydalarla tanış olduğunuzu və gələcəkdə bu siyasət və qaydalarda ediləcək dəyişikliklərlə mütəmadi olaraq tanış olacağınızı təsdiq edirsiniz.

6. Siz anlayır və qəbul edirsiniz ki, “Şəxsi kabinet”in yaradılması, ləğvi, Fərdi məlumatların yerləşdirilməsi, yenilənməsi və ləğvi zamanı tərəfinizdən Bankın tələb etdiyi zəruri hərəkətlərin (təsdiqləmələrin) edilməsi (təqdim etdiyiniz mobil nömrəyə SMS vasitəsilə göndərilmiş məlumatın (bildirişin, sualın, kodun və s.) tələb edilən qaydada təsdiqlənməsi, təqdim etdiyiniz elektron-poçt ünvanına göndərilmiş məlumatın (bildirişin, sualın, kodun və s.) tələb edilən qaydada təsdiqlənməsi, habelə bu məqsədlə Bank tərəfindən təmin edilən digər texnoloji (texniki) vasitələrin köməyi ilə müvafiq hərəkətlər (təsdiqləmələr) və s.) Sizə məxsus şəxsi imzanın analoqu kimi qiymətləndirilir və Sizin şəxsi imzanız ilə eyni hüquqi qüvvədədir.

7. Siz təsdiq edirsiniz və əvvəlcədən razılıq verirsiniz ki, Fərdi məlumatlar “Şəxsi kabinet”də yerləşdirildiyi andan başlayaraq “Şəxsi kabinet”in ləğvindən sonrakı 1 (bir) il müddətinədək Sizin əlavə razılığınız olmadan istənilən vaxt Bank tərəfindən öz mülahizəsi ilə sərbəst şəkildə əldə edilə, toplana, istifadə edilə, habelə Bankın məxsus olduğu korportiv ailənin üzvləri olan şirkətlərlə, Banka aidiyyəti şəxslərlə,Bankın xidmət təchizatçıları ilə, habelə digər şəxslərlə (potensial işəgötürənlərlə və ya iş elanı saytları ilə) mübadilə edilə bilər. Bank Fərdi məlumatların əldə edilməsi, toplanması, istifadəsi və mübadiləsinin qayda və şərtlərini birtərəfli qaydada dəyişdirə və ona əlavələr edə bilər.

8. Bu Müqavilədə nəzərdə tutulmayan məsələlər “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu, digər hüquqi aktlar, habelə Bankın daxili qaydaları ilə tənzimlənir.

Cookie nədir?

Cookie – veb səhifələrə giriş etdiyiniz zaman kompüterinizin, mobil telefonunuzun və ya digər elektron cihazınızın yaddaşına yazılan, mətn və ya rəqəmlər formasında olan kiçik məlumatların saxlanıldığı fayldır. Bu faylda veb səhifələrə daxil olmağınız haqqında məlumat əks olunur. Beləliklə, Siz daha əvvəl giriş etdiyiniz veb səhifədən təkrar istifadə etdikdə, veb səhifə Sizin məlumatlarınızı xatırlayacaqdır. Buna görə də cookielər, veb səhifələri effektiv və daha asan istifadə edə bilməyiniz üçün zəruri və vacibdir. Cookielər kompüter viruslarının və ya digər zərərli proqramların yayılmasına səbəb olmayan passiv fayllardır. İlk növbədə cookielər elektron cihazlarınızın identifikasiyasına imkan yaradır. Kapital Bank olaraq Sizə veb səhifələr vasitəsilə daha səmərəli xidmət, məhsul və ya təkliflər təqdim edə bilməyimiz üçün müxtəlif növ cookielərdən istifadə edirik. Sosial şəbəkələrdən olan cookielər veb səhifələrin məzmununu və onunla bağlı fikrinizi başqaları ilə bölüşmək imkanı verir (məs. Facebook, Twitter, LinkedIn və s. kimi sosial şəbəkələrdən "Share" (Paylaş) və "Like" (Bəyən) düymələri). Bu düymələri təqdim edən sosial şəbəkə, sizin veb səhifədə olduğunuz zaman onu klikləməsəniz belə, bu düymədən istifadə etməklə, Sizi müəyyən edə bilər. Bu ona görədir ki, əgər siz veb səhifəmizdə olduğunuz zaman elektron cihazınızda sosial şəbəkə aktivasiya olunarsa, bəzi cookielər müvafiq sosial şəbəkənin Sizi izləməsinə imkan verir. Biz veb səhifəmizə daxil olduğunuz zaman Sizin barədə məlumat toplamaq üçün sosial şəbəkələr tərəfindən istifadə olunan proseslərə nəzarət edə bilmirik. Bunu nəzərə alaraq, müvafiq sosial şəbəkənin şəxsi məlumatların qorunmasına dair siyasətlərinə baxmağınızı tövsiyə edirik. Bu siyasətlər Sizə sosial şəbəkələrlə bağlı, xüsusilə də, hər bir şəbəkə ilə Sizin hesab parametrlərinizi konfiqurasiya etməklə müəyyən məxfilik versiyaları təqdim edir.

Fərdi məlumatların qorunması hüquqları

Kapital Bank tərəfindən istifadə olunan cookielərin bəziləri İstifadəçilərə aid fərdi məlumatların toplanmasına imkan verir. Bu məlumatlar hər bir cookienin funksiyasını düzgün yerinə yetirməsi üçün vacibdir. Müvafiq məlumatlar yalnız Kapital Bank, habelə onun törəmə hüquqi şəxsləri və aidiyyəti şəxsləri tərəfindən istifadə oluna bilər. Fərdi məlumatlarınızla bağlı sorğu təqdim etmək, onlara çıxış əldə etmək və dəyişiklik etmək hüququnuzdan yararlanmanız üçün Kapital Bankla əlaqə saxlaya bilərsiniz.

Cookie-lərdən necə imtina etmək olar?

Siz razılıq veririsiniz ki, veb səhifədən istifadənizi asanlaşdırmaq üçün Bizim cookielər yaratmağımıza etiraz etmirsiniz. Siz veb səhifədə və ya istifadə etdiyiniz brauzerdə müvafiq tənzimləmə aparmaqla Cookie fayllarını bloka sala və ya silə, həmçinin onların fəaliyyətini məhdudlaşdıra bilərsiniz. Bunu etmək üçün fərqli brauzerlərdə müəyyən hərəkətlər etməyiniz lazım ola bilər. Brauzerlər üçün təlimatlarla müvafiq brauzerin veb səhifəsi vasitəsilə tanış olmağınızı tövsiyə edirik. Bildiririk ki, Siz cookielərin yaradılmasından imtina etməklə veb səhifəmizdən tam funksional şəkildə istifadə etmək imkanını itirə bilərsiniz. Bu hallara görə Kapital Bank olaraq hər hansı məsuliyyət daşımırıq. Siz bütün və ya bəzi cookieləri bloklasanız, veb səhifənin düzgün işləməməsi və ya bəzi hissələrinə daxil ola bilməyəcəyiniz bir vəziyyət yarana bilər.

Cookie siyasətinə dair dəyişikliklər

Biz bu Siyasətə, xüsusilə də qanunvericiliyin tələblərinə uyğun olaraq istənilən dəyişikliyi etmək hüququnu özümüzdə saxlayırıq.